İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.


Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Yeni addımımız və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik" dedi.
Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi.
  İstanbul Demokratiya və Azadlıqlar Adasında təşkil edilən Türk Şurasının VIII Zirvə Görüşündən sonra təşkil edilən mətbuat konfransında R.T.Ərdoğan çıxış edərək deyib: "Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır. Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik.
  Mədəniyyətin beşiği olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq.
  Sammitdə təşkilatın gələcək perspektivi olan “Türk dünyası 2040 görüntüsü” sənədini qəbul etdik.
  Bu gün burada çəkdirdiyimiz fotoşəkil Türk Dünyası olaraq aramızdakı əbədi və əzəli qardaşlığın yeni bir nişanəsidir. Kimsə Türk Dövlətləri Təşkilatından narahat olmasın. Qədim tarixi və mədəni əlaqələr üzərində yüksələn bu quruluşun parçası olmağa çalışmalıyıq.  
  Epidemiya (Covid-19) dövründə imkanlarımızı paylaşaraq türk dünyası kimi bir və birlikdə olduğumuzu bir daha göstərdik. Türk Şurası olaraq isə Afrikaya 2,5 milyon doza peyvənd bağışlayacağıq ki, bunun 2 milyonunu Türkiyə verir."
Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış etdi.
-Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,
Əziz dövlət-hökumət başçıları,
İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.