Ali Baş Komandan cənab İlham Əliyevin Fizulidə səfərdə olub


Xalqımız qızıl kimi müzəffər tarixi günlərə şahidlik edir!
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirir.
Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının - Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin, Hadrutun, Mincivanın, Suqovuşanın, Ağbəndin, ..., bir çox əhəmiyyətli hissəsi işğaldan azad edilmişdir.
Hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin doğma ərazilərimizdə qürurla dalğalanmaqdadır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular.
Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.
Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər.
Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.
Prezident İlham Əliyev dedi:
-Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.
Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.
Erməni millətinin qəsbkarlığını, quldurluğunu sübutlar halında görmək istəyən varsa Füzuli rayonuna baxa bilər. İşğal altında qaldığı 28 il ərzində Füzuli rayonunda sözün əsl mənasında barbarlıq, vandallıq törədilmiş, şəhəri yer üzündən silmək üçün hər növ qəsbkarlıq əməli həyata keçirilmişdir. Nəticədə, bir zamanlar öz gözəlliyi, mədəniyyəti, təsərrüfatı ilə seçilən şəhər indi ruhlar şəhərindən fərqsizdir. 1993-cü ildən bəri işğal altında qalan Füzuliyə sanki atom bombası düşüb, bütün kəndlər qəsəbələr xarabalığa çevrilib, tarixi tikililər, məcsidlər, türbələr hamısı yerlə yeksan edilib. Barbarlığın, vandalizmin ən açıq sübutu Füzulinin simasında özünü əks etdirib.
Topaqlarımızdan çıxmaq öhdəliyi götürən düşmən çıxarkən evləri, binaları, meşələri yandırır- sözün əsl mənasında ekoloji terror həyata keçirir. Beləliklə, bu gün dünya erməni vandalizm aktlarının şahididir. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsini silmək istəyib.
Bu səbəbdən düşmən mütləq məsuliyyət daşımalıdır. Hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir.Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa bu ilk səfəri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçını diz çökdürən Qalib Prezident müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımız önündə diz çökdü, öpüb gözləri üstünə qoyaraq göylərə ucaltdı – Bir kərə yüksələn bayraq bir daha enməz! Qarabağ Azərbaycandır!