Prezident İlham Əliyev səfəri Suqovuşan qəsəbəsinin və Talış kəndinin erməni işğalından azad edilməsinin birinci ildönümünün tamam olması ilə üst-üstə düşdü


“Oktyabrın 3-ü Prezident İlham Əliyevin Tərtər və Bərdə rayonlarına səfərləri ilə yadda qaldı. Bu səfər onunla əlamətdar oldu ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin erməni işğalından azad edilməsinin birinci ildönümünün tamam olması ilə üst-üstə düşdü. Əslində, cənab Prezidentin də məqsədi bu idi ki, ötən 1 il ərzində sözügedən ərazilərdə görülən işlərlə tanış olsun və eyni zamanda yeni layihələrə start versin.”
Dövlətimizin başçısı həmçinin “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etdi. Ali Baş Komandan İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdı. Bu çox qürurverici anlardan biri idi.
Prezidet İlham Əliyev çıxışında Suqovuşan qəsəbəsinin azad edilməsinin əhəmiyyətini başqa bir aspektdən də vurğuladı. Söhbət bu qəsəbədə yerləşən Suqovuşan su anbarından düşmənin işğal dönəmində bizə qarşı çirkin məqsədlərlə istifadə etməsindən gedir. İşğal dövründə Ermənistan bu su anbarlarından bizə qarşı ekoloji terror, su terroru törətmək üçün istifadə edirdi. Bununla əlaqədar hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və qətnamə də qəbul edilmişdi.
Həmin qətnamədə Ermənistan dövlətinin hərəkətləri qınanmışdı.
Yayda bizim kəndlərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. İndi bu su anbarı yenidən Azərbaycan iqtisadiyyatına xidmət etməyə, fayda verməyə başlayıb. Belə ki, bu il Suqovuşan su anbarından Tərtər və digər rayonlara ilk dəfə su verildi. Ümumən 30 min hektar torpağa su verilib və indi bütün su kanallarında qızğın təmir işləri gedir.
Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.
Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.