Azərbaycan Prezidentinin dünyanın tanınmış media resurslarına verdiyi hər müsahibə informasiya və diplomatiya sahəsindəki qələbəmizdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan əvvəl dünyanın tanınmış media orqanlarına verdiyi müsahibədə olduğu kimi bu dəfə də dövlətimizin maraqlarını və bölgədəki reallıqları dünyanın diqqətinə çatdırıb.
Bu dəfə İspaniyanın tanınmış EFE informasiya agentliyi bölgədə baş verənlərlə bağlı Azərbaycan prezidenti ilə baş tutan müsahibəni təqdim edib.
Azərbaycan dövlətinin başçısı EFE agentliyinə müsahibəsində deyib: “Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq”.
EFE agentliyi yazır ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağ ətrafında aparılmış müharibədə qalib gəlmiş ölkə olan Azərbaycanın Prezidenti Azərbaycan tərəfin bu təşəbbüslərini dəfələrlə xatırlatmasını, lakin təəssüf ki, hələlik Ermənistandan müsbət cavab almadığını bildirib.
İspandilli mətbuatda qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı müharibənin başa çatmasını və tarixin bu fəslinin bağlandığını, buna görə də Ermənistanın siyasi dairələri arasında hələ də eşidilən qisas və ya işğaldan azad edilən ərazilərin qaytarılması planları barədə bəyanatlara yer olmadığını vurğulayıb. Məqalələrdə Azərbaycan Prezidentinin müsahibəsindən bu sözlər sitat gətirilir: “Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik”.
İspan mətbuatı yazır ki, Azərbaycan gələn il Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya əlavə qaz tədarük edilməsi barədə danışıqlar aparmağa hazırdır.
Prezident İlham Əliyev deyib: “Biz təbii qazımızı Avropaya ixrac etməyə 2020-ci il dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq”.
Azərbaycan dövlət başçısının EFE informasiya agentliyinə müsahibəsi müxtəlif başlıqlar altında dünyanın ayrı – ayrı nəşrləri tərəfindən tirajlanmaqda davam etməkdədir. Agentliyin özü də İlham Əliyevin müsahibəsindən çoxsaylı çıxarışlar edib. Eyni zamanda, İsveçrənin “Swissinfo”, Argentinanın “İnfobea”, Paraqvayın “abc.com.py” , İspaniyanın “Eldiario.es” , “Expansion.com” , “Efs.efeservicios.com” və bir çox digər nəşrlər Azərbaycan prezidentinin prezidentinin müsahibəsində toxunduğu ayrı – ayrı məqamlara xüsusi yer veriblər.
Azərbaycan Prezidentinin dünyanın tanınmış media resurslarına verdiyi hər müsahibə informasiya və diplomatiya sahəsindəki qələbəmizdir.