Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır.

                     
Dünyanın bütün məşhur şəxsləri  “Hər bir uğur qazanmış  kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Lakin, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır.  Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq   dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz   ocağının  qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev   tərəfindən  Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.  Elə Mehriban xanım da, qeyd edir ki, “ Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”     Respublikanın Birinci vitse-prezidentiti  Mehriban xanım,  ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə  örnəkdir.
Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis etmişdir.
2002-ci ildə oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir. Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi vardır.
 Bütün bu sadaladıqlarımızla yanaşı o, nəcib anadır. Övladlarına göstərdiyi qayğının nəticəsidir ki,  ilk övladı  Leyla  xanımın anası haqqında  belə deyir :
Leyla Əliyeva: Həmişə onunla fəxr edirəm ki, onun qızıyam. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu cərgə "cəsarətli" sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Allah bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı qorumağa göndərib.
Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və gözəl insanı olaraq qalır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur.
Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti  Azərbaycan qadınının cəmiyyətdəki  rolu barədə aydın təsəvvür yaradır.O, humanizm və qayğı kimi keyfiyyətləri  təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Yüz il bundan əvvəl Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün, yəni, yüz il sonra Mehriban xanımın  simasında  Odlar Diyarı   dünyaya yeni qadın obrazı təqdim edir. Xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi sahəsində çox böyük töfhələr verir.
Qədirbilən xalqımız və onun hər bir vətənpərvər övladı mərhəmətli Mehriban xanıma , can  sağlığı arzulayır, millətimizin rifahı və dövlətçiliyimizin inkişafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar diləyir.