Göyçay rayonunda suvarma suyu ilə təminat yaxşılaşdırılır



Son vaxtlar havaların həddindən artıq isti və quraq keçməsi nəticəsində Göyçay çayında və Yuxarı Şirvan kanalında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar əkin sahələrinin təminatında müəyyən çətinliklər yaranmışdır.
Mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinin təmin olunması ilə bağlı rayon icra hakimiyyəti başçısı yanında operativ qərargah, həmçinin hər bir kənd inzibati ərazi dairəsi üzrə işçi qrupları yaradılmışdır.
Yaradılmış qərargah və işçi qruplar tərəfindən hər bir ərazi vahidi üzrə təsdiq edilmiş suvarma qrafikinə riayət olunmasına, suvarma suyunun ayrı-ayrı əkin sahələrinə növbəlilik qaydasında verilməsinə nəzarət gücləndirilmişdir.
Mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi istiqamətində əlavə tədbirlər görülür. Gün ərzində su istifadəçilərindən daxil olan şikayət və müraciətlərə qısa müddət ərzində baxılır, yaranmış problemlərin həlli istiqamətində tədbirlər görülür. Sudan qənaətlə istifadə edilməsi və israfçılığa yol verilməməsi, növbəlilik prinsipinə əməl edilməsi və gecə suvarılmalarından geniş istifadə edilməsi ilə bağlı fermer və kənd sakinləri arasında təbliğat işləri davam etdirilir.