Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.


Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.
Çünki düz yüz il əvvəl imzalanan Qars müqaviləsinə istinadən hazırlanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.
Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.
Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı da dünya bir daha bunun şahidi oldu.