Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək.


Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir. Belə ölkələrdə azad iqtisadi zonaların yaradılması bir qədər çətin olduğu üçün daha səmərəli işləmək və investorlar üçün cəlb edici şərtlər təqdim etmək tələb olunurdu.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq.
O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.
Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.
Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir.
Bununla əlaqədar olaraq, xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncam imzalanmışdır.
Heç bir dövlət, xarici bir şirkət təhlükəsizliyi olmayan bir ölkəyə sərmayə yatırmır. Ancaq Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Investisiyaların yatırılması üçün münbit yüksək qiymətləndirilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmış, həmçinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu təsis edilmişdir.