Ağdaşda Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu.


1 may 2021-ci il tarixdə Ağdaş şəhər Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi fəaliyyətə başladı. 
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak edirdi.
Tədbirdən öncə rayon rəhbərliyi, qonaqlar və gənclər xalqımızın ümummilli lideri  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında məlumat verildi. 
Tədbirdə çıxış edənlər qeyd edib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. 
Rayonda yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzində gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.  Mərkəz vasitəsilə rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.