Şəhidin ad günündə bulağın açılışı oldu







 Göyçay rayonunun Qaraman kəndində 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Xəyal Zeynəddin oğlu Həsənovun adına ad günü münasibəti ilə inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
16 aprel 2021-ci il tarixdə bulağın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, ağsaqqallar, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak etmişlər.
Əvvəlcə rayon rəhbərliyi şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, xatirəsini etiramla yad etmişlər.
Sonra Dövlət bayraqları ilə bəzədilmiş xatirə bulağının açılışında şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açmışdır.
Şəhid Xəyal Həsənov 2020-ci il oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbir karantin qaydalarına uyğun olaraq keçirilmişdir.