Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək

Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub
2020-ci il ölkəmizin tarixinə “Zəfər ili” kimi yazıldı. Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük zəfər müharibəsi nəticəsində düşməndən təmizləndi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 44 günlük müharibə dövründə ölkəmizdə və ölkəmizdən kənarda yaşayan bütün azərbaycanlılar böyük həmrəylik göstərərək istər döyüş meydanında, istər informasiya müharibəsində istərsə də beynəlxalıq arenada düşmən qarşısında böyük qələbə qazandı.
Müharibədən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması olduğunu üçün “Dövlətimizin başçısının tapşırıqları əsasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub. Belə ki, “YAŞAT” Fondu bu istiqamətdə dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir”.
Müharibənin yekunlaşması ilə birlikdə ölkəmiz qarşısında artıq yeni hədəflər formalaşmış oldu. Qarabağa qayıdış, yenidən bərpa və məcburi qaçqın və köçkünlərin öz torpaqlarına geri qayıtması məsələsi əsas prioritetlərdən biri kimi qarşımızda dayanır. Qarabağın bərpası artıq qarşıda duran ilk mərhələdir. Bu mərhələnin icrasında 04 yanvar 2021-ci il ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu xüsusi əhəmiyyətə malik olacaqdır. Fondun fəaliyyəti dövlət-cəmiyyət birliyinin təcəssüm etdirməklə yanaşı hər bir Azərbaycan vətəndaşına Qarabağda gedəcək yenidən qurma işlərinə dəstək olmaq üçün şans verir.
Fondun öhdəliyinə götürdüyü böyük humanitar missiyaya könüllü şəkildə ölkə vətəndaşlarından, ölkədən kənarda yaşayan soydaşlarımızdan ianələrin köçürülməsi davam edir. Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılmasında həyata keçirilən bu prosesə davamlı dəstək milli birliyimizi bir daha təcəssüm etdirmiş olur.
Bugünə qədər fondun hesabına toplanmış vəsaitin ən düzgün şəkildə istifadəsi və tam şəffaflıqla bu xərclərin hesabatlılığının cəmiyyətə çatdırılması ölkə başçısının bu məsələyə diqqət və qayğsını bir daha ehtiva etmiş olur.
Dövlət hər zaman vətəndaşının yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinin və qazilərin hər zaman olduğu kimi, bundan sonra da diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.
Dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.