Hansı ali məktəblərin tələbələri dərsə gələcəklər? - SORĞU


Fevralın 15-dən ölkənin ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə tədrisin ənənəvi formada bərpasına icazə verilir.


Nazirlər Kabinetinin qərarına əsasən, həmin tarixdən ali məktəblərdə praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.


Fevralın 15-dən ali məktəblərdə tədrisin hansı formada davam etdiriləcəyi ilə bağlı sorğu aparıb.


Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova Trend-ə bildirib ki, Təhsil Nazirliyi ənənəvi tədrisin başlaması ilə bağlı məsələni universitetlərin öhdəsinə buraxıb:


“Yəni əgər zəruri olarsa, ənənəvi formada dərslər keçirilsin. Əks halda isə dərslər onlayn formada davam etdirilsin. Azərbaycan Texniki Universiteti də bu həftə ərzində bütün bu məsələləri müzakirə edib nəticə haqqında nazirliyə məlumat verəcək. Nəzərə alaq ki, hazırda tələbələrin böyük əksəriyyəti rayondadır. Ona görə də bütün bu suallara cavab həftə ərzində müzakirə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq”.


Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli Trend-ə deyib ki, fevralın 15-dən universitetdə bütün dərslər hələ onlayn olacaq.


Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov Trend-ə açıqlamasında fevralın 15-də tədrisə distant formada davam edəcəklərini söyləyib.


Bakı Dövlət Universitetindən hazırda bu məsələ ilə bağlı müzakirələrin aparıldığı bildirilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da tədrisin distant davam etdirəcəklərini açıqlayıblar.


Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva Trend-ə bildirib ki, fevralın 15-dən memarlıq fakültəsində dərslər ənənəvi qaydada başlayacaq. Çünki həmin fakültədə dərslərin böyük əksəriyyətinin ənənəvi keçirilməsi məqsədəuyğundur: “Digər fakültələrimizdə də kurs və laboratoriya dərslərinin əyani keçrilməsi vacibdir. Sadəcə olaraq, həmin fakültələrdə belə dərslərin sayı nisbətən azdır. Məsələn, reallığı nəzərə alsaq, həftədə olan 3-4 laboratoriya dərsinə görə tələbə, məsələn, Qazaxdan Bakıya gələ bilməz, Ona görə həmin fakültələrin dekanlıqlarına tapşırılıb ki, dərs cədvəllərini tədris şöbəsinə təqdim etsinlər, kafedralarla birgə cədvəllərə baxılsın, mümkün variantlar nəzərdən keçirilsin. Hələ ki, digər fakültələrlə bağlı konkret qərar yoxdur”.


Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məsələ ilə bağlı hələ qərarın verilmədiyi açıqlanıb.


Azərbaycan Tibb Universitetindən isə Trend-ə bildirilib ki, fevralın 15-dən universitetin klinikalarında klinik dərslərə başlanılacaq.


Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov Trend-ə bildirib ki, bu ali təhsil müəssisəsində keçirilən fənlərdə praktiki məşğələlər olmadığı üçün tədris onlayn davam edəcək.


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) koronavirus pandemiyası ilə əlaqədar fevralın 15-dən dərslər bakalavriat səviyyəsində ötən semestr olduğu kimi, “Microsoft Teams” platforması üzərindən onlayn qaydada, magistratura səviyyəsində isə hər qrupda 5 nəfərdən çox olmamaq şərtilə ənənəvi qaydada təşkil olunacaq.