Simptomları zəif olan xəstələrin müalicəsi ilə artıq poliklinika həkimləri məşğul olacaq


Yalnız COVİD-19-a yoluxan deyil, yuxarı tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən, amma simptomları zəif olan insanların evdə müşahidə altında saxlanılması üçün müvafiq tədbirlər görülüb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


Onun sözlərinə görə, artıq poliklinika həkimləri simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacaq. Bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. "E-təbib" adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq:


"Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliknikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək".