“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib







Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsinin qalibi olan “Həyat verən gənc donorlar” layihəsi çərçivəsində Azərbaycan Qızıl Ayapara Cəmiyyətinin (AzQAC) Sumqayıt regional bölməsində dəyirmi masa təşkil olunub.
AzQAC-ın Sumqayıt Regional bölməsinin sədri Mətənət Məhərrəmova layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan, labüd məsələlərdəndir: “Bu gün insanların qanvermə aksiyalarına marağı mövcuddur. Ancaq bu prosesin ətrafında marağı daha da artırmaqdır. Mən inanıram ki, Nəzərbəy Hacıağayevin bu fərdi layihəsi bu missiyaya xidmət edəcək”.

Layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edərək bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional bölməsinin gəncləri nəinki bu təşkilatın eyni zamanda da ölkəmizin ən fəal gəncləri sırasındadır: “Mən 13-14 yaşından bu qurumun könüllüsüyəm. Bu qurumda AzQAC-ın Prezidenti Novruz Aslanovun gənclərə xüsusi qayğısını hər zaman müşahidə etmişəm. Bu qayğını bir gənc olaraq o qurumda çalışmasamda öz üzərimdə hiss etmişəm. Qrant müsabiqəsi zamanı da Sumqayıtda belə layihənin reallaşdırılması ilə bağlı təklif mənim də ürəyimcə oldu. Atamın Beynəlxalq Qızıl Xaç Komitəsindən 1992-ci ildən fəaliyyət göstərməsi humanitar sahəyə olan marağımın formalaşmasına səbəb oldu. Məhz yeniyetmə yaşlarımdan AzQAC-a üz tutmağım bunun göstəricisi idi. Bu, mənim ilk fərdi layihəm idi. Ona görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin. Bu layihənin qəbul olunmasında, maliyə ayrılmasında Azərbaycan Respublikasının Gənclər Fonunduna minnətdarlığımı bildirirəm. Bu layihənin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah növbəti qrant müsabiqələrində bu layihə ilə müraciət etməyi düşünürük”.

Daha sonra AzQAC Sumqayıt-ın fəal könüllüləri çıxış edib.

Sonda tədbir diskussiya şəkilində davam etdirilib.