Vətən müharibəsi şəhidi Babək Səmidlinin ildönümü qeyd olundu


Noyabrın 24-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik Babək Mətləb oğlu Səmidlinin ildönümü qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin hərbiçiləri, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar, ağsaqqallar və şəhidin ailə üzvləri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin başçısı mərasimində çıxış edərək şəhid Babək Səmidlinin qısa və mənalı ömür yolundan danışıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi və məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Bu, Azərbaycan hərb tarixinin ən parlaq, ən şanlı səhifəsi idi.
Bildirilib ki, Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə rəhbərlik edib və onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib. 2020-ci ilin noyabrda minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik Babək Səmidlinin adını daşıyır. Xatırladaq ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Zəfər” ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb və ölkə başçısına minnətdarlığını bildirib.