Hər bir vətəndaş məsuliyyətli olmalı, xəstəliyin ciddiliyini nəzərə alaraq vaxtında vaksin olunması zəruridir.


Dünyada milyonlarla insan COVID-19 xəstəliyi əleyhinə təhlükəsiz şəkildə vaksinasiya olunaraq bizi yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmaq üçün qayıdışımıza bir addım da yaxınlaşdırıb. Çoxlarının COVID-19 xəstəliyinə qarşı vaksinlə tez bir vaxtda təmin edilməsi mümkün olmasa da, digərlərinin vaksinasiya prosesi haqqında və növbələri çatanda nə etmələri ilə bağlı sualları vardır və bu başa düşüləndir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir.
Prosesin nizamlı təşkil olunması məqsədilə 50 yaşdan yuxarı olan vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə ən yaxın tibb məntəqəsini seçərək vaksinasiya olunmaq üçün təyin olunmuş tarixdə məntəqəyə yaxınlaşırlar.
Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Artıq bir ildən çox müddətdir ki, COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tuğyan edərək həyatımızı çətinləşdirmiş, xeyli sayda insanlarımızın xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən Dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüflə qeyd etmək istərdik ki, virusa qarşı hələki effektiv bir dərman vasitəsi icad olunmayıb. Belə bir durumda pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır. İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər tətbiq olunur. Yada salmaq istərdik ki, vaxtilə insanların kütləvi ölümünə səbəb olmuş təbii çiçək xəstəliyinə də məhz vaksinasiya yolu ilə qalib gəlinib. Vaksinasiya nəticəsində qızılca, difteriya, göy öskürək və s. kimi bir sıra infeksiyalarla xəstələnmə halları xeyli azalıb, yüz minlərlə insanların həyatı xilas edilib.

İndiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb. Hər bir vaksinin yan təsirləri mövcuddur
Vaksinasiyanın məqsədi yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqda çatmaq mümkündür. Vurğulamaq istərdik ki, dünyada vaksin qıtlığının olması səbəbindən lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir.

Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könülü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik.
Şaiyələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kompaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq!