İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması layihəsi uğurla başa çatdı

 
 
Avropa Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 7-11 sentyabr tarixlərində Lənkəran şəhərində, 28 sentyabr - 1 oktyabr tarixlərində Gəncə şəhərində ümumilikdə 40 nəfər gəncin iştirakı ilə həyata keçirilən “İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsi yekunlaşdı.     
 
 
Təlimlərin əsas məqsədi gənc qız və qadınların ictimai və sosial həyatlarında təməl hüquqlarını müdafiə etmələri üçün maarifləndirmə və səlahiyyətləndirmə fəaliyyətlərinin aşılanması idi.           
 
 Layihənin ilk günü gənclərə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə geniş məlumat verilmiş, daha sonra keçiriləcək təlimlər haqqında ümumi məlumatlar ötürülmüş və icma quruculuğunda qadın və qızların iştirakçılığı anlayışı mövzusunda təlimlər keçirilmişdir.  
 
 Layihə çərçivəsində “Bərabər və inkluziv iştirakçılıq konsepsiyasına giriş”,  “Ənənəvi media və sosial şəbəkədə iş zamanı qarşıya çıxan çətinliklər və fürsətlər”, “İnsan hüquqları və onun gender əsaslı zorakılıqla bağlılığı” kimi mövzular ətrafında müzakirələr aparılmış və aidiyyəti sahə üzrə vörkşoplar təşkil edilmişdir. 

 Layihənin son günü iştirakçılar üçün növbəti fəaliyyətlərin hazırlanması, həmçinin davamlılığın qorunması (follow-up) və inkişaf etdirilməsi üçün qrup işləri baş tutmuş və təqdimatlar hazırlanmışdır.      
 
 Qeyd edək ki, Lənkəran və Gəncədə keçirilən tədbirlərin iştirakçısı olan Lerik, Masallı, Astara, Yardımlı, Cəlilabad, Goranboy, Gədəbəy, Bərdə, Şəmkir rayonlarını təmsil edən gənclər öz icmalarında sözügedən mövzular ətrafında müxtəlif istiqamətli layihələrin icrasına başlayıblar.