Post müharibə dövrü yeni təhsil konsepsiyasının hazırlanmasını zəruri edir


 2020-ci il keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırmış və təhsilin idarə olunması, onun inkişaf etdirilməsi üçün hökumətin qarşısında bu istiqamətdə yeni çağırışların diqqətlə nəzərdən keçirilməsini labüd etmişdir. Belə ki, mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin məlum səbəblər üzündən dayandırılması təhsil sisteminin müvəqqəti olaraq distant təhsillə əvəz olunması ilə nəticələnmişdir.
Məlumdur ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən Müharibəsinə, habelə işğalda olan ərazilərimizin Ermənistan silahlı qüvvələri və terror qruplaşmalarından təmizlənməsinə sentyabr ayının 27-dən başlanılmışdır. Məhz erməni təcavüzü nəticəsində son 30 ildə işğal olunmuş ərazilərdə bütün təhsil infrastrukturu dağıdılmış, mövcud ali, orta ixtisas məktəbləri yerlə yeksan edilmişdir. Bu azmış kimi sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin döyüş zonasından uzaqda olan şəhər və rayonlarımızı raket atəşinə tutması, həmçinin hərbi təcavüz nəticəsində 8 məktəblimiz həlak olmuş, 16 məktəblimiz yaralanmış, 50 ümumtəhsil məktəbə ciddi ziyan dəymiş, tədris binaları tam yararsız hala düşmüşdür. Cəbhə xəttindən xeyli kənarda yerləşən Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb. Qeyd etmək istərdim ki, təkcə Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbində 400 şagird və 43 müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Əgər sadə hesablama apararaq nəzərə alsaq ki, belə ziyan dəymiş məktəblərin sayı çoxdur, o zaman minlərlə şagird və pedaqoji heyətin təhsillə bağlı problem yaşaması təbiidir.
Azərbaycan Respublikası 2016-cı ilin yanvar ayından etibarən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və bu gündəlikdən irəli gələn 17 Dayanıqlı İnkişaf Məqsədlərini fəal, dinamik və məsuliyyətli bir şəkildə icra edir. Azərbaycan istər “Könüllü Milli Hesabat”Iarın təqdim olunmasında, istərsə də qlobal məqsədlərə nail olmaq yolunda fərqlənən ölkələr sırasındadır. 2020-ci ilin ortalarında Azərbaycan DİM-lər üzrə əldə etdiyi nəticələrə əsasən təqdim olunan “Cənubi Qafqazda Dayanıqlı İnkişaf Məqsədlərinin göstəriciləri” adlı hesabatda qlobal göstərici siyahısında 54-cü, Cənubi Qafqaz regionunda isə ilk sırada yer aldı. DİM4 - “Keyfiyyətli Təhsil” üzrə əldə edilmiş tərəqqi isə hesabatda xüsusi olaraq qeyd olunmuşdur.
Belə ki, son illər təhsildə həyata keçirilmiş islahatlara nəzər yetirsək, təkcə ötən il ölkədə 133 yeni məktəbin tikilməsi, 14 məktəbin əsaslı təmir edilməsi, 500-ə yaxın məktəbdə cari təmir işlərinin aparılması və müasir texniki baza ilə təmin olunmasının nəzərə alındığını görərik. Həyata keçirilmiş işlərin 90 faizinin regionlarda icra olunması bir daha heç kimin kənarda qalmaması prinsipindən biri və ən vacibidir.
Bütün Azərbaycan xalqının gözləntisi şanlı Azərbaycan Ordusunun tezliklə bütün Qarabağın erməni işğalçılarından təmizlənməsi və Azərbaycanın suverenliyinin bərpasıdır. Və bu gün Təhsil Nazirliyi, habelə Nazirlər Kabineti üçün prioritet məsələlərdən biri ayrıca olaraq Qarabağda təhsilin keyfiyyətli inkişafına dair yeni konsepsiyanın hazırlanması və Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü - keyfiyyətli təhsil məqsədində nəzərdə tutulan hər bir Azərbaycan vətəndaşına təhsilin əlçatanlığını təmin etmək olmalıdır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı