Azərbaycan xalqının iradəsi Qarabağı cənnətə döndərəcəkdir

Böyük siyasi iradə və gücə malik Azərbaycan Ordusu əks hücüm əməliyyatlarını uğurla davam etdirərək rayon və kəndlərimizi, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri işğaldan azad etməkdədir. Hər gün xalqımız Ali Baş Komandanın dilindən müzəffər Ordumuzun qələbə xəbərlərini böyük ruh yüksəkliyi ilə eşitməkdədir. 
İşğaldan azad olunmuş ərazilərimizdə keçən 30 il ərzində dini məbədlərin, mədəni-tarixi irsimizin dağıdılması, viran qoyulmasının şahidi oluruq. Lakin, buna baxmayaraq artıq Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması və inkişafı istiqamətində bir neçə layihə, dövlət proqramları üzərində iş aparmaqdadır. 
Hər bir ölkənin, regionun spesifik xüsusiyyətləri var. Hər ərazinin də özünəməxsus iqlim üstünlükləri, relyefi, iqtisadi inkişaf meylləri var. Bu baxımdan Dağlıq Qarabağın füsunkar təbiəti, təbii resursları, eyni zamanda ölkəmizin maddi imkanları burada qısa zaman kəsiyində bütün infrastrukturun yeniləşməsini təmin etməklə normal həyat şəraitini daha tez bərpa edəcəkdir.  XXI əsrdə bütün insanların hüquqlarının qorunması, onların həyat şəraitinin və sosial rifahının yaxşı olması, innovativ və yeni texnologiyaların səmərəli işləməsi prioritet elan olunmuş sahələrdir ki, bunların da hamısını tezliklə Azərbaycan dövləti, Azərbaycan xalqının birliyi təmin edəcəkdir. 
Bu gün Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir və bu istiqamətlərdən biri də 2015-ci ildə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) adlı universal sənəddir. 17 məqsədi özündə cəmləyən DİM fəaliyyətini işğaldan azad olunmuş, habelə Qarabağda tətbiq olunası normal həyat şəraitini və orada yaşayan bütün millətlərin hər sahəyə əlçatanlığını təmin edə bilər. 
Dövlət maraqlarını ifadə edən iqtisadi proqramlar, regional transmilli layihələr, DİM bu günkü reallığı əks etdirən və digər aidiyyatı beynəlxalq proqramları nəzərə almaqla Dağlıq Qarabağda qısa müddətdə əhalinin normal yaşaması, siyasi və iqtisadi xəritə hazırlanması məqsədilə beynəlxalq təşkilatların da iştirak edəcəyi xüsusi Dövlət Komissiyası və ya İşçi Qrupunun fəaliyyətinə ehtiyacın olduğu da məqsədəmüvafiqdir.
 Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistan siyasi hakimiyyətinə təsir göstərərək Azərbaycanın suverenliyi çərçivəsində yaşamağa başlayacaqlarını nə qədər tez tələb etsələr, bir o qədər də öz övladlarını daha təhlükəsiz və xoşbəxt böyütməyə nail ola biləcəklər.
Azərbaycanın beynəlxalq nüfüzu, xüsusilə də tolerantlıq və multikulturalizm sahəsində dünyadakı liderliyi, həmçinin iqtisadi dayanıqlılığı bir daha onu sübut edir ki, Azərbaycan çağdaş dünyanın bir tərkib hissəsi kimi müasir çağırışlara müvafiq tezliklə Dağlıq Qarabağda bütün insanların yüksək həyat şəraitini təmin edərək, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı inkişafımızı bütün dünyaya sərgiləyəcəkdir.  
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı